Mais Ağayev, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr və Təhsil şöbəsinin müdiri
– Bakı Nəqliyyat Agentliyi ikinci ildir ki, beynəlxalq “Road & Traffic” sərgisində iştirak edir. Bu dəfə bizim ekspozisiyanın əsas mövzusunu paytaxtın nəqliyyat sisteminin əməliyyat təkmilləşdirilməsi çərçivəsində yol hərəkətinin idarə edilməsi, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər və reallaşdırılan layihələr təşkil edir. Xüsusilə, stenddə fiziki məhdud şəxslər üçün rampaların quraşdırılması layihəsinin maketi, beynəlxalq standartlara uyğun inşa edilmiş piyada keçidlərinin yeni dizaynı, inkişaf etmiş şəhərlərdə olduğu kimi beş müxtəlif texniki zonaya bölünən müasir səki modelləri təqdim edilir.
Bundan başqa, biz yolların optimallaşdırılması ilə bağlı yeni layihələr təqdim edirik: “Yol 1” layihəsi Bakıda sərnişin axınının sıxlığını və nəqliyyatda tıxaclara qarşı mübarizə, avtobus dayanacaqları, işıqforların və s. optimallaşdırılmasını nəzərdə tutur.
Biz müasir texnologiyaların tipik nümunələrindən istifadə etməklə layihələrimizi sərginin geniş auditoriyasına nümayiş etdirmək niyyətindəyik. Sərgini maraqlı tərəflərlə əlaqələr qurmaq üçün səmərəli platforma hesab edirik. Həm adi ziyarətçilər, həm də agentliyimizin cəlb olunduğu peşə sahələrində çalışan peşəkarlar bizim stendimizdə bir sıra maraqlı məhsullarla tanış ola bilərlər.