Road & Traffic 2026: Yol hərəkəti təhlükəsizliyi diqqət mərkəzində
20 oktyabr 2026
16 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Xəzər Tikinti Həftəsi çərçivəsində keçirilən “Road & Traffic” — 14-cü Xəzər Beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” Sərgisi öz işini başa çatdırdı. Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” şirkətləri və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.
Bu tədbirlə paralel olaraq eyni məkanda “BakuBuild” — 31-ci Azərbaycan Beynəlxalq “Tikinti” Sərgisi, “Rebuild Garabagh” — 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidən Qurulması və İnkişafı” Sərgisi, “Aquatherm Baku” — 18-ci Beynəlxalq “İsitmə, Ventilyasiya, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Hovuzlar” Sərgisi və “Plastex Caspian” — 5-ci Xəzər Beynəlxalq “Plastmas və Polimerlər Sənayesi” Sərgisi keçirildi.
31-ci Xəzər Tikinti Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgilərin iştirakçılarına və qonaqlarına ünvanladığı təbrik məktubu oxundu. Bu hadisə dövlət başçısının tikinti sektoruna və Azərbaycanın investisiya, texnologiya və innovasiyalar üzrə qlobal mərkəz kimi mövqelərinin möhkəmləndirilməsinə olan diqqətini nümayiş etdirdi.
“Road & Traffic” sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sahəsindəki mütəxəssisləri bir araya gətirdi. Stendlərdə yolların, körpülərin və tunellərin layihələndirilməsi və tikintisi, şəhərsalma, yol-tikinti texnikası, geodeziya və GIS sistemləri, parklanma sistemləri, intellektual nəqliyyat sistemləri, yol hərəkətinin idarə olunması, ictimai nəqliyyat, ödəniş sistemləri, velosiped infrastrukturu, yol nişanları, işıqlandırma və təhlükəsizlik sahəsindəki həllər nümayiş olundu.
Sərgi ziyarətçilərini Azərbaycan, Çin, Rusiya Federasiyası və digər ölkələrin şirkətlərinin stendləri, o cümlədən “Bohnenkamp”, “Fujian Tietuo Machinery Co., Ltd”, “Geoid”, “Global Automobiles”, “KGroup (Bakıkart)”, “Miakom SPB”, “STP-BTECH” qarşıladı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi də öz stendi ilə təmsil olundu.
“Road & Traffic” sərgisində iştirakın əsas məqsədi yollarda təhlükəsizliyin və rahat hərəkətin təmin edilməsi zərurəti oldu. Yol infrastrukturu və ictimai nəqliyyat sahəsinin nümayəndələri sorğu zamanı yolların müayinəsi və nişanlanması, baryer çəpərlərinin quraşdırılması, habelə Azərbaycan Respublikası ərazisində yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təkmilləşdirilməsi kimi mühüm missiyanı xüsusi vurğuladılar.