Sərgilər böyük əhəmiyyət daşıyır
19 oktyabr 2026
Fərid Əmrəhov, Esosupply şirkətinin biznesin inkişafı üzrə menecer
Son illərdə Azərbaycanda keçirilən sərgilərin təşkilində əhəmiyyətli inkişaf müşahidə edirəm. Dünyanın bir neçə ölkəsində sərgilərdə iştirak etmişəm və görürəm ki, ölkəmizdə keçirilən sərgilər getdikcə daha maraqlı və məzmunlu olur. Stendlər daha informativ hazırlanır, şirkətlər məhsullarının daha çox əyani nümunələrini təqdim edir, ziyarətçilərə və biznes nümayəndələrinə xüsusi diqqət göstərilir. Son dövrlərdə məni sərgilərə cəlb edən əsas məqamlardan biri də məhz bu müsbət dəyişikliklərdir.
Fəaliyyətimiz tikinti, təmir, konstruksiya işləri və materialların təchizatı ilə bağlı olduğu üçün sərgidə həm təchizatçılar, həm də potensial alıcılar tərəfindən maraqlı təkliflərlə qarşılaşdım. Yeni yanaşmalar və imkanlarla tanış oldum. Düşünürəm ki, bunlar gələcək fəaliyyətimizin inkişafı baxımından bizim üçün yaxşı perspektivlər yaradır.
Təchizatçılar və potensial sifarişçilərlə birbaşa görüşlər onların ehtiyaclarını və təkliflərini daha yaxından anlamağa imkan verir. Adi şəraitdə qısa müddət ərzində çoxsaylı şirkətlərlə tanış olmaq, demək olar ki, mümkün deyil. Sərgi isə bu imkanı yaradır. Bundan əlavə, bəzi şirkətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə də müzakirələr apardıq. Gələcəkdə ayrıca görüşlər keçirməklə bu danışıqları davam etdirməyi və əməkdaşlıq imkanlarını daha da inkişaf etdirməyi planlaşdırırıq.
Xüsusilə Dövlət Yol Polisinin stendi diqqətimi cəlb etdi. Burada təqdim olunan avadanlıqlarla tanış olduq və qurumun nümayəndələri ilə söhbət etdik. Əməkdaşlardan birinin yanaşması məndə xüsusi maraq doğurdu. O, polisin təchizatı, istifadə olunan cihazlar və həyata keçirilən yoxlamalar barədə ətraflı məlumat verdi.
Əvvəllər polis əməkdaşlarının fəaliyyətini kənardan müşahidə edə bilirdik. Bu sərgidə isə onların gündəlik işlərində istifadə etdikləri avadanlıqlarla birbaşa tanış olmaq imkanı qazandıq. Bu, mənim üçün xüsusilə maraqlı təcrübə oldu.
Stenddə alkotesterlər, narkotik maddələrin aşkarlanması üçün cihazlar, avtomobillərin hərəkət sürətini ölçən qurğular, eləcə də şüşələrin tonlanma dərəcəsini ölçmək üçün cihazlar nümayiş etdirilirdi. Bütün bu avadanlıqlar məndə böyük maraq doğurdu.Hesab edirəm ki, bu cür sərgilər həm iştirakçılar, həm də ziyarətçilər üçün böyük əhəmiyyət daşıyır. İştirakçı şirkətlər üçün sərgilər məhsul və xidmətlərin tanıdılması baxımından effektiv vasitədir. Şirkətlərin hər bir potensial müştərini şəxsən ziyarət etmək və ya məhsullarını bütün maraqlı tərəflərə ayrıca təqdim etmək imkanı olmur. Sərgi isə bu prosesi eyni məkanda və qısa müddət ərzində həyata keçirməyə şərait yaradır.
Burada şirkət nümayəndələri ziyarətçilərlə birbaşa ünsiyyət qura, texniki sualları cavablandıra, satınalma məsələlərini və maliyyə şərtlərini müzakirə edə bilirlər. Bu da yeni işgüzar əlaqələrin qurulmasına, potensial müştərilərə çıxış imkanlarının genişlənməsinə və gələcək əməkdaşlıqlar üçün yeni tərəfdaşların tapılmasına şərait yaradır.
Sərgilər ziyarətçilər üçün də geniş imkanlar açır. Bir sərgi çərçivəsində bir neçə şirkətlə tanış olmaq, onların məhsul və xidmətlərini öyrənmək, təkliflərini müqayisə etmək və biznes üçün uyğun həllər tapmaq mümkündür.
Bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirirəm və yeni şirkətlərlə tanış olmaq, maraqlı həlləri öyrənmək və faydalı işgüzar əlaqələr qurmaq imkanı yaratdıqları üçün təşkilatçılara təşəkkür edirəm.