Sərgi məhsulları daha yaxşı tanımaq imkanı verir
21 oktyabr 2025
0000
Məmmədov Mehman Muğanoğlu, Təsisçi, BMY Caspian MMC və CCS şirkətləri
Mən sərgiyə bazara yeni çıxan müasir məhsullar haqqında məlumat almaq üçün gəlmişəm. Hal-hazırda biz eyni zamanda CCS.az milli brendi ilə dünyanın müxtəlif ölkələrində məhsullar istehsal edirik. Artıq yol inşaatı ilə bağlı yeni asfalt qatqılarımız, beton qatqılarımız, hidroizolyasiya növlərimiz və döşəmə örtüklərimiz var. Yeraltı inşaatı üçün su boğucu inyeksiya məhlulları və qrunt bərkidici məhsullarımız mövcuddur, hansı ki tunel və metropoliten tikintisində istifadə olunur.
Bu sərgidə bazara yeni daxil olan istehsalçıları araşdırmaq, eyni zamanda bizim məhsulları ala biləcək firmalarla tanış olmaq istədim. Biz bu sahədə 2009-cu ildən fəaliyyət göstəririk, bir çox köklü şirkətlər bizə tanışdır, bizi tanıyır, amma sərgidə yeni şirkətlərlə də tanış oldum. Bir saatdan az müddətdə əhəmiyyətli 2–3 görüş keçirdim, artıq yeni istehsalçılarla əlaqələr qurulub. Bütün pavilyonları gəzməyi planlaşdırıram.
İndicə müzakirə apardığımız stenddə məhsullar yalnız bir sahəni əhatə etdiyi üçün peşəkarlıq təəssüratı yaratdı – onlar sırf asfalt qatqılarının istehsalı ilə məşğuldurlar. Bazarımızda yeni şirkət kimi ilk dəfə görürəm və şirkətimizə faydalı ola biləcək məhsulları var.
Düzdür, indi sərgilərə tələbat əvvəlkindən bəlkə də azdır, çünki internet resursları yeniliklər və yeni məhsullar haqqında məlumatları əlçatan edib. Lakin istər-istəməz isti münasibət yaratmaq üçün görüş mütləqdir. Bəzi məhsullara toxunmaq üçün əyani iştirak vacibdir – məsələn, dekorativ örtüklər görüntü baxımından lazımi teksturanı imitasiya edə bilər, amma toxunuşda tam fərqli təəssürat yaradır.
Üzbəüz görüşlər zamanı istehsalçının səmimiyyətinə də qiymət verə bilirsiniz və virtual resurslarda açıqlanmayan məhsul xüsusiyyətlərini aşkar edə bilərsiniz. Buna görə sərgi mütləq keçirilməlidir. Bundan əlavə, sərgi iştirakçıları məhsul axtarışına vaxt ayırmağa məcbur edir – normal iş həyatında günümüzün bir saatını sırf yeni məhsulların araşdırılmasına sərf etmirik, amma sərgi gəzərkən istər-istəməz yeni məhsullarla qarşılaşırsınız.