Sərgi – ölkəmiz üçün qürur mənbəyidir
21 oktyabr 2025
0000
Veronika Bezlepkina, “Cargonyx” MMC-nin Müştəri Xidməti və Qiymətqoyma şöbəsinin qrup rəhbəri
Mən və həmkarım “Cargonyx” adlı logistika şirkətini təmsil edirik. Bizim üçün hər bir sərgi ölkəmizlə qürur duymaq, inkişaf proseslərini yaxından görmək və ölkəmizin tərəqqisinə töhfə verən şirkətlərlə tanış olmaq üçün bir fürsətdir.
Buradakı stendləri ziyarət etdikcə anlayırsan ki, ətrafımızda gördüyümüz hər şey – hətta yolların quruluşu belə – peşəkar insanların əməyi nəticəsində həyata keçirilir. Bu insanlar yeni ideyalar yaradır, istehsal edir və gündəlik həyatda istifadə etdiyimiz sadə şeylərə belə innovasiyalar gətirirlər.
Fəaliyyət sahəmizə görə biz həmçinin yol tikintisi və yol təhlükəsizliyi ilə də əlaqədarıq. Bu sərgidə elə məhsullar və xidmətlər təqdim olunub ki, adi vətəndaşlar onları sadəcə mənzərənin bir hissəsi kimi görür. Məsələn, yol baryerləri. Halbuki bunların hər biri ciddi hesablamalar, layihələndirmə və böyük kollektivlərin əməyi nəticəsində ərsəyə gəlir.
Xüsusilə “Metanet”, “Norm”, “Holcim” və “Nikkolor” şirkətlərinin stendləri bizi çox təsirləndirdi. Sevindirici haldır ki, bu gün dünyanın müxtəlif ölkələrindən çoxsaylı şirkətlər burada yüksək səviyyədə təmsil olunurlar.
Sərgidə cəmi 2–3 saat ərzində iştirak etməyimizə baxmayaraq, artıq Almaniya və İtaliyadan iki potensial yükdaşıma sifarişi aldıq. Bu, bizim üçün çox məhsuldar nəticə oldu.
Belə bir platformanın mövcud olmasına görə minnətdarıq — burada həm innovasiyalarla tanış olur, həm yerli və xarici bazarı öyrənir, həm də öz xidmətlərimizi təqdim edə bilirik. Bu sərgi bizim üçün hər zaman səmərəli və faydalı olur. Ümid edirik ki, növbəti il logistika sərgisində öz stendimizlə iştirak edəcəyik.