11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi keçiriləcək. “Road & Traffic 2018” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. “Road & Traffic” - regionun ən böyük ixtisaslaşmış sərgilərindən biridir və sərgi yol infrastrukturunun inkişafının bütün aspektlərini əhatə edərək, yalnız yol deyil, eyni zamanda nəqliyyat və tikinti sənayesi ilə məşğul olan mütəxəssislər arasında yüksək qiymətləndirilir.
Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
Sərgidə Azərbaycan, ABŞ, Belarus Respublikası, İran, Polşa, Rusiya, Türkiyə və ilk dəfə olaraq Slovakiyanı təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər xidmət və məhsullar “Road & Traffic 2018” sərgisində təqdim edəcəklər. Yerli iştirakçıların arasında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti də vardır. Builki sərginin debütantları arasında isə “Macina TST” (Belarus), “Paya Tadbir Pakan” (İran), “Pietrucha” (Polşa), “SORB Group” (Rusiya) və “Molpir” (Slovakiya) vardır. Sərgidə ilk dəfə iştirak edən Rusiyanın Yaroslavl Diyarının istehsalçıları tədbirdə ayrıca stendlə iştirak edirlər.
Sərgi eksponentləri yolların tikintisi və saxlanılması üçün bir sıra məhsul və xidmətləri, layihələndirilmə və tikinti, yol-inşaat texnikası, yol tikintisi üçün geosintetik materiallar, yol hərəkəti idarəetmə sistemləri üçün avadanlıqlar, elektron yol monitorları, “QAZ” avtobuslarının yeni modelləri və s. məhsulları təqdim edəcəklər.
“Road & Traffic 2018” sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək üçün ideal şərait yaratmaqla yanaşı, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması üzrə hökumətin mövcud infrastruktur layihələri, eləcə də perspektiv planları ilə yaxından tanış olmağa imkan verəcək.
Bu il sərginin işgüzar proqramı çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Bakı Ekspo Mərkəzinin 22 nömrəli otağında “Nəqliyyat Xidmətinin Yeni Yol Planı” mövzusunda konfrans keçiriləcək. Konfransın sonunda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Ali Məktəblər arasında qarşılıqlı əməkdaşlıq memorandumlarının imzalanması planlaşdırılır.
Həmçinin sərginin ikinci iş günü “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər sayəsində iştirakçılar yeni məhsul və xidmətləri təqdim və kəşf etmək, yeni biznes imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və işgüzar təcrübə mübadiləsi aparmaq məqsədi ilə aparıcı yerli şirkətlərlə görüşə biləcəklər.
“Road & Traffic 2018” sərgisi 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi ilə eyni meydançada keçirilir. Sərgilərin təşkilatçıları “Iteca Caspian” şirkəti əl sənətkarlığının inkişafını daim dəstəkləmişdir. Həmçinin, Bakı Ekspo Mərkəzində Azərbaycanlı usta Rövşən Ənsarinin əl işlərindən ibarət olan sərgi stendi ziyarətçilər üçün əsl sürpriz olacaq. Stenddə müxtəlif dövr və ölkələrə aid olan gəmi modellərin növləri, eləcə də buxar lokomotivləri (parovozlar) nümayiş olunacaq.
Bu il ilk dəfə olaraq təşkilatçılar “TransCaspian/TransLogistica” və “Road & Traffic” sərgilərinin iştirakçıları üçün Hyatt Regency Baku mehmanxanasında işgüzar səhər yeməyi təşkil ediblər. İşgüzar qəlyanaltının keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. Təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş kouç Fidan Əzimli (ALPHA coaching and consulting) tərəfindən aparılıb. Səhər yeməyi zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb.
Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. 2018-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır. Bu il təşkilatçılar “Bagcam.az” uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər. Sərgilər peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixlərində, tələbələr üçün isə iyun ayının 13-də açıq olacaq.