Bu gün Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic 2015”) sərgisi öz işinə başladı. Sərgi 14-cü Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” (“TransCaspian 2015”) sərgisi ilə eyni vaxtda keçirilir. Sərgilərin təşkilatçıları “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətləridir.
Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini cənab Musa Pənahov sərginin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycan nəqliyyat infrastrukturunun inkişafına kömək edən, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üzrə imkanları nümayiş etdirən və yük sahibləri üçün optimal yük daşıma variantlarının müəyyənləşdirilməsinə şərait yaradan bu sərginin Qafqaz regionunda aparıcı tədbir olduğunu qeyd etdi. Həmçinin, M. Pənahov Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılmasını da xüsusi ilə vurğuladı. Həmin layihələr arasında Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisi, Ələt dəniz limanının inşasının davam etdirilməsi, milli aviaparkın genişləndirilməsi, müasir nəqliyyat vasitələrinin tədarük və tətbiq edilməsi sayəsində sərnişindaşıma sahəsinin yaxşılaşdırılması yer alır. Birinci Avropa Oyunlarına hazırlıqlar baxımından, c-b Pənahov yol infrastrukturunun yaxşılaşdırılması, avtomobil magistrallarının təkmilləşdirilməsi və yeni sərnişindaşıma vasitələrinin hazırlanmasını qeyd etdi. Nazir müavini hər il texnika və texnologiya istehsalçıları, nəhəng yükdaşıma və loqistika şirkətləri, hərəkət heyətinin (vaqonların) istehsalçıları, gəmiqayırma şirkətləri və digər təşkilatları bir araya toplayan sərginin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Açılış mərasimində çıxış edən “ITЕ Group Plc” şirkətinin sənaye direktoru cənab Lorent Noel dünyanın 4 qitəsində (14 ölkədə) keçirilən on səkkiz sərgi arasında mühüm yer tutan “TransCaspian” və “Road and Traffic” sərgilərinin Qafqaz regionundakı liderliyini qeyd etdi. O, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “TRASEKA” layihəsinə sərgiyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək sərgi iştirakçılarına uğurlar arzuladı.
5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic 2015”) sərgisi yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, İntellektual Nəqliyyat Sistemi (İTS) və ictimai nəqliyyat peşəkarlarını öz meydançasında bir araya topladı. Yubiley sərgidə Azərbaycan, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya, ABŞ və digər ölkələrin 50-dən çox şirkəti iştirak edir. Həmçinin, sərginin iştirakçıları arasında “Azauto”, “Azvirt”, “AzerInshaat Servis”, “Azer-Turk” AS, “Azeryolservis”, “AZD Praha”, “Carlson Software”, “Cepas”, “E-Mak”, “Ekomobil”, “Evim Konstruksion”, “Fujian Tietuo Machinery”, “KentKart Ege Elektronik”, “Hofmann Gmbh”, “Holcim Azerbaijan”, “Jenoptik Traffic Solutions”, “Kolin Inshaat”, “Proyapi”, “Tarsa Kompozit Boya Makina”, “Stop Showroom Service”, “TENSAR”, “Ultra Computers”, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (Azərbaycan), “Dorojnıe Sistemı”, “Zitron”, “Metallokonstruksiya” zavodu, Bakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və digər şirkətlər var.
Eksponent şirkətlər yol, körpü və tunellərin layihələndirilmə və tikintisi üzrə xidmətlər, habelə yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri, yolların işarələnməsi üçün avadanlıqlar, metropoliten üçün ventilyasiya sistemləri, avtomobil və yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsulları nümayiş etdirirlər. Ziyarətçiləri isə yol örtükləri və yol tikintisi sahəsində yeni məhsullarla tanışlıq, eləcə də “Ekomobil” şirkətinin təqdim etdiyi elektrik avtomobillərin sınaq sürüşü (“test-drayvlar”) gözləyir.
Hər iki sərgi ilk gündən etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgilərə rəsmi dəstək verirlər.