İyunun 1-də Bakı Ekspo Mərkəzində 19-cu Xəzər Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” Translogistica Caspian və 10-cu Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və ictimai nəqliyyat” “Road&Traffic” sərgilərinin açılışı baş tutub. Sərgilərin təşkilatçıları Caspian Event Organisers və onun beynəlxalq tərəfdaşlarıdır.
Azərbaycan Prezidenti İlham Əliyev sərginin rəsmi açılış mərasimində çıxış edib.
TransLogistica Caspian və Road&Traffic sərgiləri Azərbaycanda nəqliyyat, logistika və yol infrastrukturu sahəsində əsas ixtisaslaşdırılmış tədbirlərdir. Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim edirlər.
“TransLogistica” sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.
Həmçinin, “TransLogistica” sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinizin təşviqi baxımından da səmərəli vasitədir.
“Road&Traffic” sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.
Sərgilərin əlavə tədbirlər proqramına panel müzakirələri, iştirakçı şirkətlərin təqdimatları və s. daxildir. Sərgi günlərində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək, mövcud əlaqələri gücləndirmək və yeni əməkdaşlıq formaları yaratmaq üçün əla imkan yaranacaq.
Sərgilərə rəsmi dəstəyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO göstərirlər.