Yol nişanlarından “water jet” texnologiyasına qədər – STP-BTech sərgidə yeni texnologiyalar təqdim edir
14 oktyabr 2025
0000
Ramal Bağırov, İstehsalat və əməliyyatlar üzrə direktor, STP-BTech
Şirkətimiz respublika ərazisində bütün avtomobil yollarında xətləmə, nişanlama və təhlükəsizlik sədlərinin montajı işləri ilə məşğuldur. Bildiyiniz kimi, yol xətləri və nişanlar hərəkətin düzgün təşkili üçün ən vacib amillərdən biridir. Bu sahədə 20 ildən artıq təcrübəmiz var. Video görüntülərimizdə də göründüyü kimi, şirkətimiz artıq Avropada geniş tətbiq olunan alüminium ikibükümlü yol nişanlarının istehsalına keçib. Əvvəllər yol nişanları 2 mm qalınlığında dəmirdən hazırlanırdı, lakin ağır çəkisinə və forması səbəbindən müəyyən təhlükə yaradırdı.
Biz həmçinin Borum markalı boya vurma texnikasını təqdim edirik. Bu avadanlıq yalnız bir püskürtmə tapancası ilə gün ərzində 30–40 km məsafəyə xətt çəkə bilir. Yeni avadanlıqlarımız arasında Mercedes markalı yük maşınları da var — onlar iki püskürtmə aparatı ilə eyni anda iki xətti vurmaq imkanına malikdir. Xətlərin silinməsi üçün isə “water jet” (su ilə təmizləmə) aparatını təqdim edirik. Bu cihaz Qafqaz regionunda, demək olar ki, yalnız bizdə mövcuddur.
Bu sərgidə biz artıq ikinci dəfə iştirak edirik. Keçən il stendimizlə maraqlanan yerli şirkətlərlə yanaşı, Çindən gələn qonaqlar da olmuşdu. Onlarla əlaqəmiz sərgidən sonra da davam etdi, hətta şirkətimizi ziyarət etdilər. Onlar sırf yol nişanlarının istehsalı üçün materiallar hazırlayan şirkət idi. Bu il isə burada baryer istehsal edən şirkətlərlə tanış olmuşuq, əlaqələrimizi qurmuşuq və əməkdaşlıq istiqamətində müzakirələr aparacağıq.
Bu sərgidə çoxlu sayda böyük fabrik və zavod iştirak edir. Onların çoxu ərazilərində xətlənmə, nişanlama və təhlükəsizlik nişanlarının quraşdırılması işlərini görmək üçün ixtisaslaşmış şirkətlər axtarır. Biz də məhz bu məqsədlə buradayıq — həm bizi tanısınlar, həm də biz yeni tərəfdaşları yaxından tanıyaq. Gördüyünüz kimi, şirkətimizin bütün işçi heyəti bu sərgidə komanda şəklində fəal iştirak etmək üçün buradadır.
Sərginin daha bir üstünlüyü ondadır ki, burada sən bilmədiyin texnologiyalar və yeniliklər haqqında məlumat əldə edirsən, əlaqələr qurursan. Elə müəssisələr var ki, “water jet” texnologiyası və ya boyanın şüşə kürəciklərlə tətbiqi barədə heç məlumatı yoxdur və bu işləri qeyri-peşəkar şirkətlərə həvalə edirdilər. Belə sərgilər vasitəsilə bu müəssisələr artıq ixtisaslaşmış və təcrübəli şirkətlərin mövcudluğunu kəşf edir və bu da bazarda düzgün seçimlərin formalaşmasına şərait yaradır.