Xəbərlər

Road & Traffic - “Translogistica Caspian” və “Road&Traffic” - irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin effektivliyi

“Translogistica Caspian” və “Road&Traffic” - irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin effektivliyi

03.06.2022

Xəbərlər

İyunun 3-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı layihələri: “Translogistica Caspian” 19-cu Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” Sərgisi və “Road&Traffic" 10-cu Yubiley Xəzər Beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” Sərgisi öz işini başa çatdırır.

Aparıcı sərgi brendləri Azərbaycan, Belarus, Almaniya, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan iştirakçı şirkətləri bir araya gətirib. Sərgilər “27-ci Beynəlxalq Xəzər Neft və Qaz” Sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji” Sərgisi və Bakı Enerji Forumunu özündə birləşdirən Bakı Enerji Həftəsi ilə paralel şəkildə keçirilib və Xəzər regionunda keçirilən bu mühüm tədbirə əhəmiyyətli töhfə verib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında irimiqyaslı kompleks infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan dövlətinin etibarlılığını vurğulayıb.

“TransLogistica” sərgisi nəqliyyat sektorunun dəmir yolu infrastrukturu, nəqliyyat və logistika xidmətləri, dəniz sənayesi və s. kimi sahələrini bir araya gətirib. Layihə çərçivəsində sərgi iştirakçılarının Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbərləri və mütəxəssisləri ilə uğurlu görüşləri təmin olunub.

Sərgi zamanı nəqliyyat texnologiyaları sahəsində ən son yeniliklər, perspektivli dövlət infrastruktur layihələri nümayiş etdirilib.

Sərgi iştirakçılarının fikrincə, “TransLogistica Caspian” yeni satış kanallarının tapılmasına, həmçinin dəmir yollarının, dəniz limanlarının tikintisi, vaqon istehsalı və gəmiqayırma sahəsində təcrübə mübadiləsinə kömək edir.

“Road&Traffic” 10-cu Yubiley Xəzər Beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində əsas ixtisaslaşmış tədbirə çevrilib. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının mütəxəssislərini bir araya gətirib. Sənaye mütəxəssisləri yolların, körpülərin və tunellərin layihələndirilməsi və tikintisi üzrə müasir həllər ilə tanış olmuş, bazarın tələbatını və ITS sektorunun məhsullarının satışı imkanlarını tədqiq etmiş, Azərbaycanda ictimai nəqliyyat operatorları, o cümlədən yol tikintisi sektorunda podratçı şirkətlərin mütəxəssisləri ilə görüşüblər.

Əlavə tədbirlər proqramı çərçivəsində “Beynəlxalq nəqliyyat dəhlizləri üçün strateji perspektivlər və yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib.

İştirakçı şirkətlərin təqdimatları və ikitərəfli görüşlər (B2B) də keçirilib, bu şirkətlərin iştirakçıları işgüzar əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, yeni işgüzar əlaqələr qurmaq imkanı əldə ediblər.

Sərgilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi- AZPROMO tərəfindən rəsmi dəstək verilir.

Beləliklə, sərgilər xarici şirkətlərlə yerli bazar arasında əlaqələrin qurulması üçün gözəl imkan yaratmış, Azərbaycan şirkətlərinin dünya bazarına çıxışını təmin etmiş və yeni tərəfdaşlar tapmaq imkanı ilə cari layihələrin təqdimatını təşkil etmişdir.

Sərgilər “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunur.