EN
RU
Şəxsi kabinet
10-cu Yubiley Xəzər Beynəlxalq
Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

9 - 11 iyun 2021 Bakı Ekspo Mərkəzi
roadtraffic

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
Road & Traffic - “Road & Traffic” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikası
Media мərkəz » Xəbərlər

“Road & Traffic” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikası
27.04.2020

Xəbərlər

“Road & Traffic” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikamızı sizə təqdim edirik!

Suallarımızı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov cavablandırdı.

1. Pandemiya şəraitində Azərbaycanda avtomobil nəqliyyatı sahəsinin fəaliyyətini ümumən necə qiymətləndirirsiniz? Pandemiya avtomobil daşımalarının hansı sahələrinə daha çox təsir edib?

Məlum olduğu kimi, ölkəmizdə pandemiyanın təsirinə ən çox məruz qalan sahələrdən biri də avtomobil nəqliyyatı sektorudur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq beynəlxalq istiqamətlər üzrə sərnişin daşımaları tam dayandırılıb, ölkədaxili şəhərlərarası sərnişin daşımalarına isə yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında icazə verilib.

Ölkəmizdə karantin rejiminin tətbiq olunmasına baxmayaraq, yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili müntəzəm sərnişin daşımaları ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməyib. Bu baxımdan, qeyd olunan xidmətlərin tələbata uyğun olaraq təmin edilməsi, sürücülərin və sərnişinlərin yoluxmasının qarşısının alınması pandemiya şəraitində qarşımızda duran ən vacib məsələlərdən biridir. Karantin rejimində şəhərdaxili marşrutlar üzrə daşınan sərnişinlərin sayında ümumən azalma olsa da tərəfimizdən mütəmadi olaraq maarifləndirmə işləri və monitorinqlər aparılır, avtobusların salonunda sərnişin sıxlığı ciddi nəzarətdə saxlanılır. Daşıyıcılar və sürücülər tərəfindən sanitariya və gigiyena normalarına riayət edilməsinə ciddi nəzarət edilir, avtobusların salonunda sərnişinlər arasında sosial distansiyanın təmin edilməsi, avtobuslarda və dayanacaq məntəqələrində dezinfeksiya işlərinin aparılması istiqamətində tərəfimizdən kompleks tədbirlər görülür.

Qeyd edim ki, beynəlxalq yük daşımalarında daşıyıcılarımızın digər dövlətlərin ərazilərində tətbiq olunan xüsusi rejimlə bağlı rast gəldikləri çətinliklərə dərhal müdaxilə edilir, qarşı tərəflərin aidiyyəti dövlət orqanları ilə müzakirələr aparılaraq yaranmış çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanları ilə birgə təxirəsalınmaz tədbirlər görülür. Qeyd olunanlarla yanaşı, pandemiya ilə əlaqədar qonşu ölkələrdə olan vətəndaşlarınmızın ölkəmizə daşınması prosesində də yaxından iştirak tərəfimizdən təmin edilir. 

Xüsusi karantin rejimində taksi xidmətləri və ölkədaxili yük daşımaları həyata keçirən daşıyıcıların fəaliyyətinin rəsmiləşdirilməsi prosesinin asanlaşdırılması, bu sahədə sui-istifadə hallarına yol verilməməsi məqsədilə daşıyıcılar barədə məlumatlar operativ qaydada tərəfimizdən “icazə.e-gov.az” portalına daxil edilib.

Təbii ki, bu həssas dönəmdə görülən tədbirlərə baxmayaraq sui-istifadə halları da aşkarlanır. Mən yol verilən nöqsanlarla bağlı daşıyıcılara, xüsusilə də yük daşımaları və taksi xidməti həyata keçirən fərdi sahibkarlara üzümü tutaraq onları məsuliyyətli olmağa dəvət edirəm. Bildirirəm ki, karantin rejimi tərəfimizdən bu sahədə çalışan şəxslər üçün bir sınaq müddəti kimi dəyərləndirilir və məsuliyyətsiz hərəkətləri səbəbilə dövlətimizin mənafeyinə zərər vuraraq, hökümət tərəfindən qəbul edilmiş qərarlara əməl etməyən daşıyıcıların fəaliyyətinin qarşısının alınması üçün görüləcək tədbirlər zamanı tərəfimizdən heç bir güzəşt edilməyəcək.   

Ölkəmizdə karantin rejiminin bitməməsinə baxmayaraq, hesab edirəm ki, nəqliyyatçılar ölkə başçısının və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək, yaranmış bu xüsusi vəziyyətdə əhalinin və iqtisadiyyatın daşımalara olan tələbatını tam şəkildə təmin etmək üçün səylə çalışırlar.

2. COVID 19-un neqativ təsirini azaltmaq üçün hansı tədbirlər görülür və gələcəkdə avtomobil nəqliyyatı sahəsinin necə inkişaf edəcəyi gözlənilir?

Bildiyiniz kimi, koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata neqativ təsirinin minimuma endirilməsi, təsirə məruz qalan sahibkarlıq subyektlərinin və əhali qrupunun dəstəklənməsi ölkə başçısının xüsusi diqqət mərkəzindədir və bu istiqamətdə kompleks tədbirlər görülür. Buna bariz nümunə kimi, ölkə başçısı tərəfindən martın 19-da koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamı xüsusilə qeyd etmək lazımdır. Bu Sərəncamdan irəli gələrək biz də öz növbəmizdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsi üzrə pandemiya nəticəsində zərər çəkən sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin görülməsi və məşğulluqla bağlı yaranan problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində işləyərək müvafiq təkliflər hazırlamış və aidiyyəti üzrə təqdim etmişik.

Avtomobil nəqliyyatı sahəsinin gələcək inkişaf perspektivləri ilə bağlı isə qeyd etmək istərdim ki, cari ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən avtomobil nəqliyyatı sahəsinin inkişaf istiqamətləri ilə bağlı ölkə rəhbərliyi tərəfindən nazirliyimizə konkret tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq, tərəfimizdən təhlillər aparılıb, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb. Təkliflər avtomobil nəqliyyatı sahəsində tənzimləmə normalarına müasir İKT həllərinin tətbiqi vasitəsilə yenilik gətirilməsini, avtonəqliyyat vasitələri parkının yenilənməsi ilə bağlı mexanizmləri özündə əks etdirir. Pandemiya dövründə də bu istiqamətdə tədbirlərin görülməsinin nə qədər vacib olduğunun bir daha şahidi olduq və həmin təkliflərin həyata keçirilməsinin sürətləndiriliməsi istiqamətində öz səlahiyyətlərimiz çərçivəsində zəruri tədbirlərin görülməsini təmin edəcəyik.



Tərəfdaşlar